SİYASƏT
Azərbaycanın Sumqayıt və Almaniyanın Lüdviqshafen şəhərləri arasında dostluq əlaqələrinin 35 illiyi qeyd edilmişdir
Sumqayıt, 19 iyul (AZƏRTAC). Sumqayıt şəhərinin nümayəndə heyəti Almaniyanın Lüdviqshafen şəhərindən qayıtmışdır.
Sumqayıtlılar ober-burqomistr xanım Yeva Lozenin dəvəti ilə şəhərlərarası dostluq əlaqələrinin 35 illiyi və tərəfdaşlıq münasibətlərinin 25 illiyi münasibətilə keçirilən yubiley tədbirlərində iştirak etmişlər.
Nümayəndə heyətinin rəhbəri, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Sahib Quliyev AZƏRTAC-a bildirmişdir ki, yubiley tədbirləri Lüdviqshafenin “Şəhər günü” bayramı ərəfəsində keçirilmişdir. Şəhər muzeyində təşkil edilmiş görüş zamanı Lüdviqshafen şəhərinin meri xanım Yeva Loze tədbir iştirakçılarını salamlayaraq şəhərlərarası tərəfdaşlıq əlaqələrinin tarixi, əhəmiyyəti və son 10 ildə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) layihəsi çərçivəsində əməkdaşlığı haqqında geniş məlumat vermişdir.
Mərasimdə Lüdviqshafen şəhər meriyasının rəhbər işçiləri, əməkdaşları, “Sumqayıtın Dostları” Cəmiyyətinin, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin “Almaniya-Qafqaz tərəfdaş şəhərləri arasında əməkdaşlıq” layihəsinin üzvləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Yubiley tədbirlərinin açılış mərasimi kütləvi informasiya vasitələri tərəfindən qeniş işıqlandırılmışdır.
Bayram tədbirləri şəhər muzeyində “Tərəfdaşlıq şəkillərdə” mövzusunda fotosərginin açılışı ilə davam etdirilmişdir.
Sonra Azərbaycandan gəlmiş nümayəndə heyəti “Şəhər günü” münasibətilə təşkil olunmuş bayram tədbirlərini izləmişdir.
Yubiley tədbirlərinin proqramı çərçivəsində qonaqlar Lüdviqshafenin ətrafında yerləşən Almaniya dövlətinin tarixi abidələri ilə tanış olmuş, Bad Dürkhaym şəhərinə səyahət etmişlər.
Səfər zamanı sumqayıtlılar Lüdviqshafen şəhər meriyasının binasına, orada fəaliyyət qöstərən vətəndaşlara xidmət mərkəzinin (bürqerbüro) işi ilə tanış olmuş, “Almaniya-Qafqaz tərəfdaş şəhərləri arasında əməkdaşlıq” layihəsi çərçivəsində həyata keçirilən tədbirlərin vəziyyətinin və növbəti addımların müzakirəsində iştirak etmişlər. Qonaqlar üçün, həmçinin BASF konserninə ekskursiya təşkil olunmuşdur.
Şəhərlərarası dostluq əlaqələrinin 35 illiyi və tərəfdaşlıq münasibətlərinin 25 illiyi münasibətilə sentyabr ayında Sumqayıtda keçiriləcək cavab yubiley tədbirləri “Şəhər günü”nə təsadüf edəcəkdir.