MƏDƏNİYYƏT
Azərbaycanın tatar icması Qubada “Qarğa sıyığı” milli bayramını qeyd etmişdir
Quba, 17 may (AZƏRTAC, Laçın Sultanova). “Tuqan tel” Respublika Tatar Mədəniyyəti Cəmiyyəti “Karqa botkası” (“Qarğa sıyığı”) adlı qədim bahar bayramına həsr olunmuş tədbir keçirmişdir.
AZƏRTAC xəbər verir ki, bayram şənliyi Quba rayonundakı “Asma körpü” istirahət zonasında təşkil edilmişdir. “Tuqan tel “ cəmiyyətinin sədri Gülcan Myasautova tədbiri açaraq bildirmişdir ki, “Karqa botkası” ilk dəfədir Azərbaycanda qeyd olunur. O demişdir: “Bu bayramın təkcə tatarlara məxsus olmadığını nəzərə alaraq, gələn ildən onu ümumtürk bayramı kimi qeyd etmək qərara alınmışdır”. O, dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasına və Quba Rayon İcra Hakimiyyətinə minnətdarlığını bildirərək demişdir ki, tədbir Avropa İttifaqının “CAUCULT” proqramının köməyi ilə keçirilir.
Tatarıstan Respublikasının Azərbaycandakı daimi nümayəndəsi Alfred Zakirov bildirmişdir ki, “Karqa botkası” unudulmuş bahar bayramıdır. Onun dirçəldilməsi milli ənənələrin dirçəldilməsinə, xalqların yaxınlaşmasına xidmət edir.
Bayram şənliyi Azərbaycan və tatar mahnı və rəqslərinin ifa olunması ilə müşayiət olunmuşdur. Yaşlılar ocaqda sıyıq bişirib tədbir iştirakçılarını qonaq edirdilər. Onların sözlərinə görə, sıyığın bir hissəsi mütləq quşlara saxlanılmalıdır. Bu arada uşaqlar müxtəlif oyunlar oynayır, rəqs edib mahnı oxuyur, mükafatlar uğrunda yarışırdılar.