ELM VƏ TƏHSİL
AZƏRBAYCANIN TÜRKİYƏDƏKİ SƏFİRLİYİ TƏLƏBƏLƏR ÜÇÜN BAYRAM ŞƏNLİYİ KEÇİRMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfirliyi dekabrın 28-də Ankaradakı “Kent” otelində qardaş ölkədə təhsil alan azərbaycanlı tələbələr üçün 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə bayram tədbiri təşkil etmişdir.
Səfirliyin təhsil müşaviri Nəcibə Nəsibova Azərbaycan Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə təbrikinin mətnini oxumuşdur.
Sonra Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov tələbələr arasında keçirilmiş bilik yarışının qaliblərinə mükafatlar təqdim etmişdir. Azərbaycanlı tələbələrin təhsil və məişət problemlərinin həllinə göstərdiyi qayğıya görə səfirə Təhsil Nazirliyinin mükafatı təqdim olunmuşdur.
Mərasim bayram süfrəsi arxasında milli musiqimizin müşayiəti ilə davam etmişdir.