ELM VƏ TƏHSİL
Azərbaycanın Ukraynadakı səfiri A.A.Boqomolts adına Milli Tibb Universitetinin rəhbərliyi və bu ali məktəbdə təhsil alan azərbaycanlı tələbələrlə görüşmüşdür
Kiyev, 27 oktyabr (AZƏRTAC). Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli A.A.Boqomolts adına Milli Tibb Universitetinin (MTU) rəhbərliyi ilə görüşmüşdür.
Görüşdə ixtisaslı tibb kadrlarının hazırlanması və ali məktəblər arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.
Diplomatik nümayəndəliyin başçısı, həmçinin MTU-da təhsil alan azərbaycanlı tələbələrlə görüşmüşdür. O, gənc həmvətənlərimizi Azərbaycanın böyük diplomatik qələbəsi - ölkənin BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibətilə təbrik etmişdir.
Diplomat MTU-da təhsil alan 195 azərbaycanlı tələbəni ölkəmizi layiqincə təmsil etməyə, təhsildə və tibb praktikasında yüksək nəticələr göstərməyə, yüksək ixtisaslı mütəxəssis olmağa çağırmışdır. Qeyd etmişdir ki, səfirlik onlara lazımi yardım göstərəcəkdir.
Tədbirdə tibb elmləri doktoru, Kiyev Həkimləri Təkmilləşdirmə İnstitutunun torakal cərrahiyyə və pulmanologiya kafedrasının professoru, Ukrayna TEA-nın akademiki, “Torakal cərrahiyyə və pulmanologiya” elmi-istehsalat mərkəzinin rəhbəri Məmməd Bağırov və Ukraynadakı Azərbaycan Gəncləri İttifaqının başçısı Anar Tahirov iştirak etmişlər.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev