İQTİSADİYYAT
Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi müqayisəli qiymətlərlə 9 faiz artmışdır
Bakı, 8 dekabr (AZƏRTAC). Cari ilin on ayında ölkənin dövlət və qeyri-dövlət təşkilatları və ayrı-ayrı fiziki şəxslər 147 xarici dövlətlə 29,8 milyard ABŞ dolları məbləğində ticarət əməliyyatları aparmışlar. Əmtəə mübadiləsinin 4,6 milyard dolları MDB üzvü olan, 25,2 milyard dolları digər ölkələrlə həyata keçirilmişdir.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkə üzrə xarici ticarət dövriyyəsinin həcmi müqayisəli qiymətlərlə 9 faiz, o cümlədən MDB üzvü dövlətləri üzrə 34 faiz, digər dövlətlər üzrə isə 6,8 faiz çox olmuşdur.
Xarici ticarət dövriyyəsinin 22,2 milyard dollarını Azərbaycandan ixrac olunmuş mallar, 7,6 milyard dollarını ölkəmizə idxal edilmiş məhsullar təşkil etmiş, 14,6 milyard dollarlıq müsbət xarici ticarət saldosu yaranmışdır.
Xarici ticarət əməliyyatlarının beşdə dörd hissəsindən çoxu (81,8 faizi) İtaliya, Fransa, Rusiya, Amerika Birləşmiş Ştatları, Türkiyə, Ukrayna, Almaniya, İndoneziya, İsrail, Malayziya, Koreya Respublikası, Belarus, Çin və Gürcüstan dövlətləri ilə aparılmışdır.