İQTİSADİYYAT
Azərbaycanla İran arasında maliyyə sahəsində birgə əməkdaşlığın inkişafı üçün əlverişli şərait var
Bakı, 22 aprel, AZƏRTAC
Azərbaycanla İran arasında maliyyə sahəsində birgə əməkdaşlığın inkişafı üçün əlverişli şərait və imkanlar var.
Maliyyə Bazarlarına Nəzarət Palatasından AZƏRTAC-a verilən məlumata görə, bunu Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı Bakıda səfərdə olan İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.
Rüfət Aslanlı İranla ölkəmiz arasında ikitərəfli münasibətlərin dinamik inkişafının önəmindən danışaraq, müstəqilliyimizin ilk illərindən bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də qarşılıqlı əməkdaşlıq əlaqələrinin mövcud olduğunu xatırladıb. Palata sədri İranın beynəlxalq maliyyə bazarlarına yenidən çıxışını yaxından izlədiyini qeyd edərək, tərəflər arasında maliyyə sahəsində birgə əməkdaşlığın inkişafı üçün əlverişli şəraitin və imkanların olduğunu bildirib.
İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi iki ölkə arasında ticarət və iqtisadi əlaqələrin genişləndirilməsi üçün maliyyə institutları arasında münasibətlərin dərinləşdirilməsinin vacibliyini vurğulayıb. M.Vaezi hər iki ölkənin qeyri-neft sektorunun inkişafına dəstək vermək məqsədilə qarşıya qoyulmuş hədəflərə çatmaqda nailiyyətlər əldə etmək üçün birgə addımların atılmasında maraqlı olduqlarını bildirib.
Sonda tərəflər arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.