CƏMİYYƏT
Azərbaycanla Polşa arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar Bakıda məlumatlandırıcı aksiya keçirilib
Bakı, 21 fevral, AZƏRTAC
Fevralın 21-də Azərbaycanla Polşa arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar Bakıda məlumatlandırıcı aksiya keçirilib.
Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyindən AZƏRTAC-a bildiriblər ki, Bakıdakı “Polşa memarları” küçəsində "Polşa ilə Azərbaycan arasında mədəni körpü" layihəsi çərçivəsində keçirilən aksiya zamanı iki ölkə arasında tarixi və diplomatik əlaqələr, Polşa memarlarının Bakıda layihələndirdiyi binalarla bağlı Azərbaycan və polyak dillərində məlumatların və şəkillərin əks olunduğu bukletlər paylanıb. Aksiya zamanı şəhər sakinlərinə iki ölkə arasında dostluq, diplomatik və mədəni əlaqələrin tarixi, Polşa memarları haqqında ətraflı məlumat verilib.
Qeyd edək ki, karantin rejiminin tələblərinə uyğun olaraq keçirilən aksiyada fəal QHT nümayəndələri, Azərbaycandakı Polşa icmasının üzvləri, könüllülər və tələbələr iştirak ediblər. Aksiya şəhər sakinləri tərəfindən maraqla qarşılanıb.
Xatırladaq ki, "Polşa ilə Azərbaycan arasında mədəni körpü" layihəsinin məqsədi Polşanı azərbaycanlılara, həmçinin Azərbaycanı polyaklara daha yaxından tanıtmaq, iki ölkə arasında əlaqələrin daha da güclənməsinə töhfə verməkdir.