İQTİSADİYYAT
Azərbaycanla Türkiyənin sənaye sahəsində əməkdaşlığı genişləndirmək üçün böyük imkanları var
Bakı, 3 dekabr, AZƏRTAC
Azərbaycanla Türkiyə arasında siyasi və iqtisadi əlaqələr strateji əməkdaşlıq səviyyəsinə yüksəlib və bu, bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Bunu iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda keçirilən “BakuTel-2014” sərgi-konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyənin elm, sənaye və texnologiya naziri Fikri İşıqla görüşü zamanı deyib.
İqtisadiyyat və Sənaye Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Ş.Mustafayev hazırda Azərbaycanda 2500-ə yaxın türk şirkətinin fəaliyyət göstərdiyini xatırladaraq ölkəmizdə həyata keçirilən bir çox layihələrdə Türkiyə şirkətlərinin podratçı qismində də iştirak etdiyini bildirib. Ölkələrimizin “Şahdəniz-2”, TAP və TANAP layihələri çərçivəsində uğurla əməkdaşlıq etdiklərini deyən nazir qeyd edib ki, sənaye sahəsində də əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar mövcuddur.
Görüşdə 2014-cü ilin Azərbaycanda “Sənaye ili” elan edildiyi, bu sahədə görülən işlər, eləcə də sənaye parklarında rezidentlər üçün yaradılmış əlverişli imkanlar barədə məlumat verilib, türkiyəli sahibkarların bu imkanlardan yararlana biləcəyi diqqətə çatdırılıb.
Nazir Fikri İşıq Azərbaycana səfərindən, “BakuTel-2014” sərgi-konfransında iştirakından məmnunluğunu ifadə edib, uğurla davam edən Azərbaycan-Türkiyə əlaqələrinin genişləndirilməsinin əhəmiyyətini bir daha vurğulayıb. F.İşıq digər sahələrdə olduğu kimi, sənaye sahəsində də əlaqələrin inkişafının vacibliyini bildirib.
Görüşdə sənaye sahəsində əməkdaşlığın konkret istiqamətləri üzrə müzakirələr aparılıb.