SİYASƏT
AZƏRBAYCANLI DEPUTAT BAŞ KATİBƏ SUAL ÜNVANLAMIŞDIR
Strasburq, 26 yanvar (AZƏRTAC). Yanvarın 26-da AŞPA-nın qış sessiyası günün ikinci yarısında Avropa Şurasının (AŞ) baş katibi Terri Devisin “Avropa Şurasının vəziyyəti” barədə çıxışı ilə işini davam etdirmişdir. T.Devis demokratiya və insan haqları prinsiplərinin rəhbərlik etdiyi təşkilatın əsas prioritetləri olduğunu, quruma üzv olan ölkələr arasında diqqəti cəlb edəcək əlaqələr yaradıldığını diqqətə çatdırmış, Avropa Şurasının beynəlxalq aləmdə gördüyü işlərdən bəhs etmişdir.
Qaydaya görə baş katibin çıxışından sonra deputatlar ona sualla müraciət edirlər. Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva insan haqlarının pozulmasına qarşı sərt reaksiya verən və onun qarşısının alınması istiqamətində fəal mövqe tutan Avropa Şurası kimi nüfuzlu bir təşkilatın Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini zəbt etməsi ilə bir milyondan artıq azərbaycanlının hüquqlarını pozduğunu, amma təşkilatın 15 il ərzində bu hüquq pozuntularına görə işğalçılıq siyasəti yürüdən bir dövlətə qarşı təzyiq mexanizmlərindən nə üçün istifadə etməməsinə dair sualla baş katibə müraciət etmişdir.
Terri Devis sualın cavabında demişdir ki, hər bir münaqişənin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin mənşəyinə getmək, yarandığı səbəblərə qarşı mübarizə aparmaq lazımdır. Bu, “üçbucaqlı”, yəni üçtərəfli bir münaqişədir. Hər dəfə Azərbaycan və Ermənistan prezidentləri, xarici işlər nazirləri ilə görüşümdə demişəm ki, danışıqlar ATƏT-in Minsk qrupu çərçivəsində aparılmalıdır. Biz Avropa Şurası olaraq Minsk qrupunun səylərini dəstəkləyirik. Amma onları əvəz edə bilmərik. İrəli getmək lazımdır.
İnsan haqları AŞ-nin təməl prinsiplərini təşkil edir. Həqiqətən, istər Azərbaycanda, istərsə də Ermənistanda yüzlərlə qaçqın və məcburi köçkün vardır. Dekabr ayında Bakıya son səfərim zamanı Prezident İlham Əliyevlə görüşümdə münaqişənin həlli istiqamətində irəliləyişin və ümidlərin tükənmədiyini hiss etdim.
Arzu edərdim ki, bu münaqişə mənim səlahiyyət müddətim bitənə qədər öz həllini tapsın.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq