MƏDƏNİYYƏT
Azərbaycanlı musiqiçilər Fələstində çıxış etmişlər
Bakı, 5 iyun (AZƏRTAC). İtaliyalı dirijor Andreya Molinonun rəhbərliyi ilə Drezden Simfonik Orkestri Fələstində - Şərqi Qüdsdə, Cenin və Ramallah şəhərlərində iranlı bəstəkarı Keyhan Kalhurun “Fələstin simfoniyası”nı ifa etmişlər.
AZƏRTAC xəbər verir ki, böyük alman orkestrinin tərkibində Azərbaycandan ifaçısı Mehri Əsədullayeva (kamança), Nərmin Həsənova (qanun) və Fələstin musiqiçiləri Emil Bişara (ud), Kamil Şəcravi (ərəb violeni) və Naif Sərxan (zərb aləti) çıxış etmişlər.
Keyhan Kalhurun “Fələstin simfoniyası” bütün sərhədləri aşaraq insanlarda sabaha ümid yaradır. Bu əsər özündə İran melodiyaları ilə ərəb xalq musiqisini bir harmoniyada birləşdirərək Avropanın məşhur orkestrinin ifasında kədər və ümidi ifadə edir.
Layihə Fələstin Mədəniyyət Nazirliyi ilə birlikdə Drezden şəhərinin Mədəniyyət və İrs İdarəsinin və Almaniya Federal Mədəniyyət Fondunun dəstəyi ilə reallaşmışdır.
Azərbaycanlı musiqiçilər öz ifaları ilə ölkəmizi layiqincə təmsil etmişlər.