MƏDƏNİYYƏT
Azərbaycanlı yazıçının "Qar yağacaq" hekayələr kitabı Daşkənddə özbək dilində çap edilib
Daşkənd, 7 iyul, AZƏRTAC
Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində gənc azərbaycanlı yazıçı Pərvin Nurəliyevanın "Qar yağacaq" adlı hekayələr kitabı Daşkənddəki "Extremum Press" nəşriyyatında çap olunub.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anarın "Ön söz" yazdığı topluya Pərvin Nurəliyevanın 11 hekayəsi və 1 kinossenarisi daxil edilib.
Kitabı orijinaldan özbək dilinə tanınmış alim və tərcüməçi Babaxan Məhəmməd Şərif çevirib. Nəşrdə Babaxan Məhəmməd Şərifin "Pərvin – Azərbaycan ədəbiyyatının ümidi" adlı məqaləsi yer alıb. Məqalədə müəllif sovet dövründəki Azərbaycan ədəbiyyatına nəzər salır, XXI əsrdə gənc yazarlar arasında yeni istedadlı nəslin yetişdiyini bildirir.
Bu ilin payızında Heydər Əliyev adına Mədəniyyət Mərkəzində Azərbaycan və Özbəkistan yazıçılarının, ədəbiyyat xadimlərinin iştirakı ilə kitabın təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulub.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd