SİYASƏT
Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Albaniyada məqalə dərc olunub
Afina, 1 aprel, AZƏRTAC
Albaniyada geniş oxucu auditoriyasına malik “Argumentum” onlayn xəbərlərin təhlili portalında “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü” ilə bağlı geniş məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü” sərlövhəli məqalədə 104 il bundan əvvəl baş vermiş tarixi, siyasi proseslərə geniş nəzər yetirilib, ermənilərin Azərbaycanın bir sıra yaşayış məntəqələrində və iri şəhərlərində törətdikləri soyqırımı cinayəti geniş işıqlandırılıb. Məqalədə uzun illər layiqli siyasi-hüquqi qiymətini almamış bu soyqırımının Azərbaycan tarixinin gizli səhifələrindən biri olduğu bildirilib, 1918-ci ildə erməni silahlı dəstələri və bolşeviklərin birgə həyata keçirdikləri soyqırımın dəhşətləri açıqlanıb və genosid nəticəsində 50 minə yaxın azərbaycanlının həyatına son qoyulduğu haqqında məlumat verilib. Həmçinin 1918-ci ilin mart-aprel aylarında silahlı daşnak-bolşevik dəstələri tərəfindən Bakı şəhərində və Bakı quberniyasının digər şəhər və rayonlarında kütləvi qırğınlar törədildiyi, insanların məhz etnik mənsubiyyətinə və dininə görə öldürüldüyü bildirilib. Eyni zamanda, məqalədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatdan sitatlar verilib, onun siyasi-hüquqi baxımdan məsuliyyəti açıqlanıb. Soyqırımı cinayəti ilə bağlı Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən ermənilərin törətdikləri ağır cinayətləri araşdırmaq üçün Fövqəladə İstintaq Komissiyasının yaradıldığı, Komissiyanın aşkar etdiyi həqiqətlərin xalqın yaddaşında saxlanması və ictimaiyyətə çatdırılması üçün bir sıra tədbirlər həyata keçirildiyi bildirilib. Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələrini - rusları, yəhudiləri, polyakları, gürcüləri və hətta erməniləri təmsil edən o dövrün ən yaxşı hüquqşünaslarından ibarət Fövqəladə İstintaq Komissiyasının sübutları əsasında müxtəlif cinayətlərdə ittiham olunan 194 nəfərə qarşı cinayət işinin qaldırıldığı, Bakıda 24, Şamaxıda isə 100-ə yaxın şəxsin həbs edildiyi vurğulanıb. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırılıb. Yalnız 80 ildən sonra - 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı ilə qətliama siyasi-hüquqi qiymət verilib.
Həmçinin məqalədə ermənilərin Cənubi Qafqaz regionuna köçürülmələri, onlara çar və Sovet Rusiyası tərəfindən yaradılan şərait, 1905-1907-ci illərdə, 1918-ci ildə törətdikləri soyqırımı cinayətləri, ermənilərin təşəbbüsu ilə indiki Ermənistan Respublikası ərazisindən azərbaycanlıların kütləvi deportasiyası, bir milyon azərbaycanlının Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazilərində etnik təmizləmənin qurbanı olması, 1992-ci ilin fevralında törədilmiş Xocalı soyqırımı, 44 günlük Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə, Bərdə, Tərtər və Azərbaycanın digər şəhərlərinin dinc əhalisinin qəsdən hədəfə alınması və bütün bu tarixi cinayətlərin beynəlxalq ictimaiyyətə çatdırılması barədə oxucular üçün geniş məlumat yer alıb.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina