İQTİSADİYYAT
“Azercell” MMC “Asan imza” xidmətində tariflərə endirim etmişdir
Bakı, 16 may (AZƏRTAC). “Azercell Telekom” MMC mayın 16-dan etibarən “Asan İmza” mobil elektron imza xidmətində tariflərə endirim etmişdir.
Şirkətdən AZƏRTAC-a bildirmişlər ki, əhali, dövlət qulluqçuları və sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər “Asan imza” xidmətindən istifadə edərkən qoşulma haqqı üçün 18 manat ödəyəcəklər. Xidmətdən aylıq istifadə haqqı 5 qəpik təşkil edəcəkdir. Bundan əlavə, iyunun 20-dən "Asan imza" vasitəsilə yerinə yetirilən hər bir əməliyyat (autentifikasiya/elektron imzalama) üçün 1 SMS-in qiyməti 3 qəpik olacaqdır.
"Asan imza" xidməti hər bir mobil abonentə elektron xidmətlərdən yararlanmaq, elektron imzadan asanlıqla istifadə etmək imkanı yaradır. Mobil elektron imza xidmətinin sürəti və rahatlığı dövlət xidmətlərinə çıxışda rast gəlinən maneələri xeyli azaldır, xidmət istifadəçilərini və tərtibatçılarını yeni texnologiyaların fəal istifadəsinə stimullaşdırır.
Xidmətdən istifadə etmək üçün “ASAN xidmət” mərkəzlərində təşkil olunan “Azercell” qeydiyyat məntəqəsinə yaxınlaşmaq lazımdır. Burada “Asan imza” SIM kartını və elə həmin mərkəzdə yerləşən Vergilər Nazirliyinin xidmət məntəqəsindən elektron imza sertifikatı əldə etmək olar. “Asan imza” – mobil İmzalı SİM-kart həm mövcud, həm də yeni “Azercell” nömrələrə uyğunlaşdırıla bilər.
“Azercell” bu ilin sonunadək fərqli yenilikləri ilə abonentlərini sevindirəcəkdir.
Daha ətraflı məlumat [email protected] ünvanında yerləşdirilmişdir.