İQTİSADİYYAT
“Azercell” növbəti tələbə təqaüdü proqramına başlayır
Bakı, 29 sentyabr (AZƏRTAC). “Azercell Telekom” MMC tələbələr üçün növbəti təqaüd proqramına başlamışdır. Proqramın məqsədi müvəffəqiyyətlə təhsil alan və fərqlənməyi bacaran tələbələrə xüsusi qayğı nümayiş etdirmək, yüksək potensiala malik gənclərin peşəkar kimi formalaşmasına dəstək olmaqdır.
Ətraflı məlumat üçün tələbələr http://www.azercell.com/career/students/ səhifəsinə daxil ola bilərlər.
Şirkətdən AZƏRTAC-a bildirmişlər ki, proqrama qəbul edilən istedadlı tələbələr cari təhsil müddətinin sonunadək “Azercell” şirkəti tərəfindən müəyyənləşdirilmiş təqaüdü alacaqlar. Bununla yanaşı, bu tələbələrin karyera baxımından inkişafı üçün şərait yaradılacaqdır. Onlar telekommunikasiya sahəsi haqqında biliklərini artırmaq, şirkətin korporativ tədbirlərində və sosial fəaliyyətində iştirak etmək, müxtəlif təlimlərə qatılmaq və şirkətdə təcrübə keçmək imkanını əldə edəcəklər.
Qeyd edək ki, “Azercell” şirkəti tələbə təqaüdü proqramını 2008-ci ildən etibarən hər tədris ilində təqdim edir. Bu vaxtadək Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 20-dən çox tələbə şirkətin təqaüdçüsü adına layiq görülmüşdür.
Proqrama qoşulmaq üçün tələbələr oktyabrın 30-dək müraciət edə bilərlər.