İQTİSADİYYAT
“Azərikimya” İstehsalat Birliyində xeyriyyə tədbiri
Sumqayıt, 13 dekabr (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyinin akt zalında xeyriyyə tədbiri olmuşdur. Birinci qrup əlillərə, o cümlədən sağlamlıq vəziyyəti sərbəst hərəkət etməsinə imkan verməyən uşaqlara, eləcə də orta yaşlı insanlara geniş manevr diapazonu olan müasir arabalar hədiyyə verilmişdir.
Əlillərin yaxın qohumları bu humanist tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildirmişlər. Qeyd edildiyi kimi, dövlətin sosial siyasəti - əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması sahəsində tədbirlərin daim və ardıcıl surətdə həyata keçirilməsinə, insanların həyat səviyyəsinin yüksəldilməsinə yönəldilmiş siyasətlə yanaşı, müxtəlif dövlət qurumları və müəssisələri, qeyri-hökumət təşkilatları, özəl şirkətlər tərəfindən belə humanist tədbirlərin keçirilməsi çox vacibdir.
Qeyd edək ki, tədbir “Mərhəmət göstərməyə tələsin!” devizi altında oktyabr ayında başlanmış ümumşəhər xeyriyyə tədbirinin davamı olmuşdur.
Tədbirin məqsədi ictimaiyyətin diqqətini aztəminatlı ailələrin, şəhid ailələrinin, habelə əlillərin, o cümlədən Qarabağda hərbi əməliyyatlar zamanı sağlamlığını itirənlərin problemlərinə cəlb etməkdir. Sənaye müəssisələrinin, təhsil müəssisələrinin kollektivləri kimyaçıların təşəbbüsünə ilk dəstək verənlər sırasında olmuşlar.