İQTİSADİYYAT
“Azəriqaz” İstehsalat Birliyində tələbələrin yay təcrübəsi başlamışdır
Bakı, 1 avqust (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) müəssisə və təşkilatlarında istehsalat təcrübəsi çərçivəsində “Azəriqaz” İstehsalat Birliyinə (İB) göndərilən ali təhsil müəssisələrinin tələbələri müvəqqəti işlə təmin olunmuşlar.
İB-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ödənişli istehsalat təcrübəsi avqustun 1-dən 31-dək davam edəcəkdir. Bu müddətdə ali təhsil müəssisələrinin tələbələri iqtisadi təhlil və proqnozlaşdırma, mexanika və energetika şöbələrində, eləcə də nəqliyyat və xüsusi texnika İdarəsində təcrübədə olacaqlar.
Tələbələrdən 2 nəfərinə ilk iş yeri olduğuna görə əmək kitabçası açılmışdır.
İstehsalat təcrübəsi müddətində tələbələrin hər birinə təcrübə rəhbəri təhkim olunmuşdur. Təcrübə başlanmazdan əvvəl tələbələr ilə görüş keçirilmişdir. Görüşdə iştirak edən İB-nin aparıcı mütəxəssisləri müvəqqəti işlə təmin olunmuş tələbələrə təcrübəyə ciddi yanaşmalarını tövsiyə etmiş və onlara öz məsləhətlərini vermişlər.