İQTİSADİYYAT
“Azəriqaz”: Xaçmaz sahibkarlarının qaz təchizatı ilə bağlı problemləri dinlənilib
Bakı, 11 fevral, AZƏRTAC
“Açıq mikrofon” aksiyasının əsas məqsədlərindən biri də sahibkarlıq subyektlərinə birliyin səlahiyyətləri çərçivəsində lazımi dəstəyin verilməsidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Birliyin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev Xaçmaz sahibkarları ilə keçirilən görüş zamanı bildirib.
Aksiyada Xaçmaz Regional Qaz İstismarı İdarəsinin və Birliyin digər məsul şəxsləri, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, həmçinin Xaçmaz Rayon İcra Hakimiyyətinin nümayəndələri sahibkarların problemlərini dinləyiblər. Çıxış edən sahibkarlar qaz xəttinin yerinin dəyişdirilməsi, qeyri-yaşayış sahəsinin qazlaşdırılması və digər məsələlərlə bağlı müraciətlərini səsləndiriblər. Birliyin müvafiq struktur bölmələrinin rəhbər şəxsləri tərəfindən daxil olan müraciətlərlə bağlı sahibkarlara müvafiq izahatlar verilib. Səyyar qəbul otağının imkanlarından sahibkarlarla yanaşı, adi vətəndaşlar da yararlanıblar.
Xaçmaz rayonunun Müşfiq kənd sakini Veysəl Məmmədov yaşadığı ərazidə küçə qaz xəttinin olmadığını bildirərək bu məsələdə köməklik edilməsini xahiş edib. Bütün müraciətlər qeydiyyata alınıb. Xaçmaz Regional Qaz İstismarı İdarəsinin səlahiyyətləri çərçivəsində bir sıra müraciətlərin həllinə dair yerindəcə tapşırıq verilib. Sahibkarlar da öz növbələrində onlara şikayət və təkliflərini səsləndirmək üçün yaradılan bu şəraitə görə birlik rəhbərliyinə təşəkkür ediblər.