İQTİSADİYYAT
“Azərneftyağ” zavodunun neftin ilkin emalı qurğusu təmirdən sonra istismara verilib
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu ilin avqust ayından təmirə saxlanılan qurğuda elektrik mühərrikləri ilə yanaşı, yeni alınmış P-101A, P-101B və P-309B nasosları quraşdırılıb.
Bundan başqa, qurğudakı susoyutma sistemində su tutumunu ölçən və səviyyəni tənzimləyən müasir cihazlar yerləşdirilib. Bütün bunlar qurğunun məhsuldarlığının artmasına və texnoloji rejimə nəzarətin asanlaşmasına səbəb olub. Təmir zamanı, həmçinin xammal istidəyişdiriciləri neft şlamından və mexaniki tullantılardan təmizlənib. Görülən işlər nəticəsində neftin ilkin qızma temperaturu yüksəlir və yanacaq sərfinə qənaət olunur. Qurğunun daim ahəngdar iş rejimində saxlanılması üçün bütün mövcud nasoslar, hava soyuducuları və elektrik qurğuları tam təmir edilib.
Hazırda qurğu tam rejimdə istismar olunur.