İQTİSADİYYAT
“Azneft” İB-də podratçıların fəaliyyətinin qiymətləndirilməsi və əməyin mühafizəsinə həsr olunmuş müşavirə keçirilmişdir
Bakı, 4 avqust (AZƏRTAC). ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, “Azneft” İstehsalat Birliyində (İB) podratçıların fəaliyyətinin qiymətləndirilməsi, əməyin mühafizəsi və təhlükəsizlik texnikası məsələlərinə həsr olunmuş istehsalat müşavirəsi keçirilmişdir.
Müşavirədə İB-nin baş direktoru Daşqın İskəndərov istehsalatda sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, qəzaların qarşısının alınması, əmək şəraitinin daha da yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən söhbət açmış, baş vermiş bədbəxt hadisə və qəzaları doğuran səbəblərdən danışmışdır.
Baş direktorun müavini Cəlair Səmədov ilin birinci yarısında əməyin mühafizəsi və təhlükəsizliyin vəziyyəti, eləcə də bu sahədə podratçılar tərəfindən görülmüş işlər haqqında məruzə etmişdir. Qeyd olunmuşdur ki, işlərində ciddi dönüş yaratmayan, fəaliyyətlərini beynəlxalq standartlar səviyyəsində qurmayan podratçı təşkilatlar işlərində nöqsanlara yol verdikləri təqdirdə onlarla bağlanılmış müqavilələrə vaxtından qabaq xitam verilə bilər. Bu səbəbdən podratçı təşkilatlar müvafiq ixtisaslara malik, sertifikatı olan kadrları işə götürməlidirlər.
Çıxış edənlər ARDNŞ rəhbərliyi tərəfindən əməyin mühafizəsi, təhlükəsizlik texnikası, ətraf mühitin qorunması məsələlərinə böyük önəm verildiyini vurğulamış, bu məsələlərə ciddi nəzarət olunduğunu diqqətə çatdırmışlar.