İQTİSADİYYAT
“Azneft” İB-nin Ə.Əmirov adına neft-qaz çıxarma idarəsində səyyar müşavirə keçirilmişdir
Bakı, 10 sentyabr (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azneft” İstehsalat Birliyinin (İB) Ə.Əmirov adına neft-qaz çıxarma idarəsində səyyar müşavirə keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, neftyığma məntəqəsinin idarənin daxili imkanları hesabına tikildiyi diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, illərlə yığılmış problemlər - köhnə çənlər, böyük həcmdə şlam və neft qalıqları, digər yararlı-yararsız kommunikasiyalar həm ərazini antisanitar vəziyyətə salırdı, həm də yığım-nəql sisteminin normal idarə olunmasına imkan vermirdi. Qısa müddətdə görülən işlər nəticəsində bütün problemlər aradan qaldırılmışdır.
Sonra müşavirə iştirakçıları daxili imkanlar hesabına qurulmuş və abadlaşdırılmış 3 nömrəli NQÇS-nin 7 nömrəli neftyığma məntəqəsində olmuşlar.
Bildirilmişdir ki, idarənin daxili imkanları hesabına qısa müddətdə bu neftyığma məntəqəsində yeni çənlər quraşdırılmış, lay məhsullarının ətraf mühitə zərər vurmadan idarə olunması üçün sistem yaradılmışdır. Burada lay sularının mərkəzi anbara vurulması üçün nasosxana və digər kommunikasiyalar yaradılmışdır. Neftyığma məntəqəsinin ətrafı tam abadlaşdırılmış, işçilər üçün lazımi şərait yaradılmışdır.
İstehsalat sahələrinə baxış keçirdikdən sonra neft-qaz çıxarma idarəsinin inzibati binasında müşavirə keçirilmişdir.