İQTİSADİYYAT
“Azneft” İstehsalat Birliyində hesabat müşavirəsi keçirilmişdir
Bakı, 7 avqust (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azneft” İstehsalat Birliyinin (İB) bütün struktur vahidlərinin rəhbərləri və aparıcı mütəxəssislərinin iştirakı ilə cari ilin birinci yarısının texniki-iqtisadi göstəricilərinin yekunları ilə bağlı hesabat müşavirəsi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, müşavirəni giriş sözü ilə açan İB-nin baş direktoru Daşqın İskəndərov cari ilin birinci yarısında neft-qaz hasilatı sahəsində görülmüş işlərdən danışmış və bu dövrdə ARDNŞ tərəfindən Birliyin qarşısında qoyulmuş tapşırıqların vacibliyini müşavirə iştirakçılarının diqqətinə çatdırmışdır.
Baş direktor hasil edilən neftin və qazın maya dəyərinin aşağı salınması, hasilatın artırılması istiqamətində icra edilən və görülməsi planlaşdırılan geoloji və texniki tədbirlərin əhəmiyyəti, kadrların inkişafı və onların potensiallarından səmərəli istifadə edilməsi, avadanlıq və qurğulara texniki xidmətlərin optimal şəkildə təşkil edilməsinin əhəmiyyətini vurğulamışdır.
Sonra İB-nin neftin, qazın hasilatı və nəqli üzrə istehsalat şöbəsinin rəisi hesabat məruzəsi ilə çıxış etmişdir. Bildirilmişdir ki, birlik ilin birinci yarısında qarşıya qoyulan neft və qaz hasilatı üzrə planı və tapşırıqları bütövlüklə yerinə yetirmişdir.
Müşavirədə geniş müzakirələr aparılmış, nəticələr qənaətbəxş hesab edilmiş və qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün müvafiq tapşırıqlar verilmişdir.