ELM VƏ TƏHSİL
“Bacarıqlı ol” usta yanında öyrənmə proqramı çərçivəsində satıcı-kassir ixtisası üzrə təlimlər təşkil olunub
Bakı, 5 mart, AZƏRTAC
“Bacarıqlı ol” usta yanında öyrənmə proqramı çərçivəsində satıcı-kassir ixtisası üzrə təşkil edilən təlimlərdə iştirak üçün sənəd vermiş namizədlərin müsahibəsi yekunlaşıb. Müsahibələr “Bazarstore” MMC əməkdaşlarının iştirakı ilə aparılıb.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, müsahibəyə qatılan namizədlərdən 20 nəfər təlimlərdə iştirak üçün seçilib. Proqram çərçivəsində təlimlərə başlanılıb. Nəzəri təlimlər Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilir. Təlimlərin praktiki hissəsi isə “Bazarstore” MMC-nin mağazalarında təlim ustalarının iştirakı ilə təşkil olunacaq.
Təlimin məqsədi peşə məktəblərində təhsil alan tələbələrin və işsiz şəxslərin praktiki formada təcrübələrinin təşkili, habelə peşə təhsilinin əhatə dairəsinin genişlənməsini təmin etməkdir.
Qeyd edək ki, təlimlər Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə “Bazarstore” MMC arasında imzalanmış əməkdaşlığa dair anlaşma memorandumu çərçivəsində təşkil olunur.