İQTİSADİYYAT
“Bakcell“ mobil imzanın identifikasiyasının təşkili istiqamətində işlərə başlamışdır
Bakı, 2 aprel (AZƏRTAC). Azərbaycanın mobil rabitə operatoru olan "Bakcell" şirkəti öz şəbəkəsində mobil imzanın identifikasiyasının (Mobile-İD) təşkili istiqamətində işlərə başlamışdır.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, "Mobil İD" şəxsiyyət vəsiqəsi kimi e-xidmətlərin təhlükəsiz əldə edilməsi və sənədlərin rəqəmsal imzalanması üçün istifadə olunur və bunun üstünlüyü ondadır ki, hər hansı bir kart oxuyucusu olmadan da işləyə bilər. Xidmət Məlumat Hesablama Mərkəzi (MHM) ilə Rumıniyanın "CertSİGN" şirkəti tərəfindən hazırlanaraq təqdim olunmuşdur.
Azərbaycanda bu ilin fevral ayından etibarən tətbiq edilən Mobile-İD xidməti klassik mobil autentifikasiya sistemindən fərqlənir. Klassik modeldə elektron imzanın autentifikasiyası mobil operator tərəfindən həyata keçirilir, Azərbaycanda isə mobil rabitə abunəsinə Məlumat Hesablama Mərkəzində autentifikasiyadan keçmiş SİM-kartda elektron imza təqdim edilir və bundan sonra o, mobil operatora müraciət edərək mobil rabitə şəbəkəsində elektron imzasını identifikasiya edə bilər. "Mobile-İD" xidməti - mobil telefondan istifadə edərək təhlükəsiz istifadəçi identifikasiyasını aparmağa imkan verən xidmətdir.