İQTİSADİYYAT
“Bakcell” şirkəti rouminq qiymətlərində endirimlər etmişdir
Bakı, 21 aprel (AZƏRTAC). “Bakcell” şirkəti Rusiya, Böyük Britaniya və Türkiyənin bəzi şəbəkələri daxilində rouminq qiymətlərinə endirimlər etmişdir. “Klass” və “Gold” abunəçiləri həmin ölkələrə səfər edərkən daha sərfəli tariflərlə danışa bilərlər.
Şirkətdən AZƏRTAC-a bildirmişlər ki, mart ayından Rusiya, Böyük Britaniya və Türkiyənin bəzi mobil rabitə şəbəkələri daxilində rouminq zənglərinin qiymətləri 30-40 faiz, GPRS rouminq qiymətləri isə 70 faizədək endirilmişdir. Son vaxtlarda smartfonların geniş yayılması GPRS rouminq xidmətlərinin populyarlaşmasına səbəb olmuşdur. İşgüzar müştərilərə səyahətdə olarkən biznes məqsədləri ilə internetdən daha rahat istifadə imkanı yaratmaq üçün “Bakcell” GPRS rouminq qiymətlərini də aşağı salmışdır.
Hazırda şirkətin müştəriləri Avropa, Asiya, Şimali və Cənubi Amerika, Avstraliya və Afrika ölkələrində rouminq xidmətlərindən istifadə etmək imkanına malikdirlər. “Bakcell”in 155 ölkənin mobil operatorları ilə rouminq müqaviləsi vardır. GPRS rouminq xidmətləri 60 ölkədə 90 şəbəkəni əhatə edir.