İQTİSADİYYAT
“Bakcell” şirkəti transmissiya şəbəkəsinin modernləşdirilməsinə başlamışdır
Bakı, 25 may (AZƏRTAC). “Bakcell” informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində dünyanın aparıcı şirkəti olan “Huawei” ilə əməkdaşlıq şəraitində transmissiya şəbəkəsinin modernləşdirilməsinə başlamışdır.
Şirkətdən AZƏRTAC-a bildirmişlər ki, hazırda “Bakcell”in transmissiya şəbəkəsinin əsas əhatə (core ring) tutumu 40 Gbps (rayon mərkəzlərində), sərhəd (edge) yönləndiricilərin (inzibati rayon mərkəzlərində) tutumu isə 15 Gbps-ə çatır. Bütün önəmli transmissiya marşrutları 1+1 şassi səviyyəsində qoruma və tam ehtiyat saxlamaya malikdir. 2G və 3G xidmətləri tam təhlükəsiz olaraq hər saniyə APS, MSP, SNCP və s. kimi sınanmış qoruyucu alqoritmlər vasitəsilə vahid nəqliyyat şəbəkəsinə daşınır.
Cari ildə “Bakcell” “Huawei” şirkətinin dəstəyi ilə 400-ə yaxın yüksək tutumlu hibrid mikrodalğa linklərini quraşdırmaqla transmissiya şəbəkəsini daha da inkişaf etdirəcəkdir. “Huawei” şirkətinin bu şəbəkə həlli sayəsində “Bakcell” öz müştərilərini ən mükəmməl şəbəkə və xidmət keyfiyyəti ilə təmin edəcəkdir.