İQTİSADİYYAT
“Bakcell” yeni “3 Porsche-dən birini seç” SMS viktorinasına başlamışdır
Bakı, 11 noyabr (AZƏRTAC). Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkəti yeni “3 Porsche-dən birini seç” SMS viktorinasına başlamışdır. Bu dəfə şanslı iştirakçının dinamik “Porsche Cayenne”, idman avtomobili “Porsche Cayman” və ya “Porsche Panamera” arasından öz hədiyyəsini seçmək imkanı vardır.
Şirkətdən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, SMS viktorinası 77 gün müddətində - noyabrın 10-dan gələn il yanvarın 25-dək davam edəcəkdir. Qaliblər gündəlik, həftəlik, sonda isə püşkatma yolu ilə müəyyən ediləcəklər. Seçim prosesinin ən şəffaf şəkildə keçməsini təmin etmək üçün elektron püşkatma Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş tiraj komissiyasının nəzarəti altında keçiriləcəkdir. Tiraj komissiyasının heyətinə kənardan cəlb edilmiş mütəxəssis daxil olacaqdır.
“Bakcell” abunəçiləri bu fürsətdən yararlana və qiymətli hədiyyələr qazana bilərlər. Viktorinaya qoşulmaq istəyənlər SMS vasitəsilə 333 qısa nömrəsinə “START” sözünü göndərib, 333-dən göndərilən qısa suallara cavab verməlidirlər. Bütün SMS sualların 2 cavab variantı var və bir sualın yalnız bir cavab variantı doğrudur. İştirakçılar cavab variantını seçib “1” və ya “2” yazaraq SMS sualına cavab verməlidirlər. Hər düzgün cavaba görə iştirakçıya 10 xal verilir. Səhv cavablara görə xal çıxılmır. Bu isə o deməkdir ki, səhv cavab göndərənlər uduzmayacaqlar və göndərilən SMS-lərin sayı belə onlara hədiyyə qazandıra bilər. 333 nömrəsinə göndərilən bir SMS-in qiyməti 69 qəpik təşkil edir.
333 nömrəsinə ən çox SMS göndərən iştirakçılar gündəlik və həftəlik hədiyyələrə sahib olacaqlar. 77 gündə, bazar günləri istisna olmaqla hər gün, bir bəxtəvər iştirakçı gün ərzində göndərilmiş hər SMS mesajına görə 100 manat qazanacaqdır. Hər iştirakçı gündə 100-dək SMS göndərib elektron püşkatma nəticəsində 10 min manat məbləğində uduşa sahib ola bilər. Məsələn, əgər abunəçi gün ərzində 10 SMS göndərib elektron püşkatmanın qalibi olarsa, həmin iştirakçı 1000 manat qazanacaqdır.
Bazar günləri pul mükafatları ikiqat çoxalacaqdır. Belə ki, hər iştirakçı 100-dək SMS göndərib hər SMS mesajına görə 200 manat qazana bilər. Bu isə o deməkdir ki, həmin abunəçi elektron püşkatma nəticəsində 20 min manat qazana bilər.
Viktorina ərzində ən çox xal toplayan oyunçu əsas mükafata - “Porsche” avtomobilinə sahib olacaqdır. Son tirajda SMS-lərin sayı deyil, SMS suallara verilmiş düzgün cavablara görə verilən xallar nəzərə alınacaqdır. Son tirajın xoşbəxt qalibi əsas mükafatı - təklif olunan üç avtomobil - “Porsche Cayenne”, “Porsche Cayman” və ya “Porsche Panamera” arasından seçmək imkanı əldə edəcəkdir.
SMS viktorinası barədə daha ətraflı məlumat əldə etmək üçün http://www.333.bakcell.com/AZ/index_Aze.html səhifəsinə daxil olmaq lazımdır.