ELM VƏ TƏHSİL
“Bakı-2015” birinci Avropa Oyunlarının təşkili işinə tələbə könüllülərin cəlb olunması məsələsi müzakirə edilib
Bakı, 9 fevral, AZƏRTAC
Təhsil Nazirliyində bu qurumun tabeliyində olan ali təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə iyunun 12-dən 28-dək keçiriləcək “Bakı-2015” birinci Avropa Oyunlarının təşkili işinə tələbə könüllülərin cəlb olunması və digər aidiyyəti məsələlər müzakirə edilib.
Təhsil naziri Mikayıl Cabbarov Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarının tarixi əhəmiyyətini, oyunların uğurla keçirilməsinin vacib hissəsinin könüllülərin işi olduğunu qeyd edib. Bildirilib ki, bu sırada tələbələrin xüsusi yeri vardır. Dünyanın müxtəlif ölkələrində irimiqyaslı tədbirlərin keçirilməsinə tələbə könüllülərin cəlb olunması və bu işin əlaqələndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu fəaliyyət ictimai maraqlara xidmət etməklə yanaşı, tələbələrin öz bacarıqlarını inkişaf etdirmək, iş təcrübəsi qazanmaq, yeni insanlarla tanış olmaq baxımından da faydalıdır.
Nazir bildirib ki, Azərbaycanda da mütəmadi keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərə könüllülərin cəlb olunması ənənəsi vardır. Bu təcrübədən birinci Avropa Oyunları zamanı faydalanmaq, eləcə də könüllülük fəaliyyətinin əlaqələndirilməsi vacib məsələlərdəndir.
Tədbirdə ali təhsil müəssisələrinin rəhbərləri qeyd ediblər ki, birinci Avropa Oyunlarında tələbələrin könüllü kimi iştirakına maraq genişdir.
Könüllü olacaq tələbələr müvafiq təlimlər keçəcək, tədbirlərdə iştirak tarixinə, vəzifə funksiyalarına və xidmət yerlərinə görə şərti olaraq üç qrupa bölünəcəklər. Birinci qrup iyunun 12-də açılış və iyunun 28-də bağlanış mərasimlərində iştirak edəcək. İkinci qrupun köməyindən iyunun 1-dən 30-dək bütövlükdə Avropa Oyunları müddətində istifadə edilməsi nəzərdə tutulub. Üçüncü qrup isə hazırlıq işlərinə qatılacaq.
Bu fəaliyyətin əlaqələndirilməsi və Bakı Avropa Oyunları üzrə Əməliyyat Komitəsi (BAOƏK) ilə əlaqənin təmini üçün ali təhsil müəssisələrində əlaqələndirici nümayəndə təyin olunacaq.
Xatırladaq ki, Avropa Oyunları bu qitəni əhatə edən 49 ölkədən olan atletlər üçün çoxnövlü idman tədbiridir və dörd ildə bir dəfə keçiriləcək. İlk Avropa Oyunlarının keçirilməsi hüququ Azərbaycana verilib.