ELM VƏ TƏHSİL
Bakı Ali Neft Məktəbində beynəlxalq yay məktəbinin açılışı olub
Bakı, 17 sentyabr, AZƏRTAC
Bakı Ali Neft Məktəbi (BANM) və İtaliyanın Milan-Bikokka Universitetinin birgə təşkilatçılığı, həmçinin İtaliyanın Azərbaycandakı səfirliyi və "Maire Tecnimont” Şirkətlər Qrupunun dəstəyi ilə sentyabrın 16-dan 24-dək Bakıda “Yaşıl enerjinin idarə olunması” mövzusunda beynəlxalq yay məktəbi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, sentyabrın 17-də Bakı Ali Neft Məktəbində yay məktəbinin açılışı olub.
Açılış mərasimində BANM-in rektoru Elmar Qasımov Azərbaycan neft sənayesinin inkişaf mərhələlərindən, bu sahədə əldə olunan uğurlardan danışıb. Elm və təhsil sahəsində əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edən rektor beynəlxalq yay məktəbi barədə məlumat verib.
İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari elm və təhsil sahəsində əməkdaşlığın əhəmiyyətindən bəhs edib.
Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, SOCAR-ın vitse-prezidentinin müavini Asif Şəfəqqətov, İtaliyanın “Maire Tecnimont” Şirkətlər Qrupunun podratçısı “Kinetics Technology” şirkətinin Bakıdakı nümayəndəliyinin rəhbəri Nikolo Heilpern, Milan-Bikokka Universitetində İqtisadiyyat fakültəsinin professoru, “Yaşıl enerjinin idarə olunması” yay məktəbinin direktoru Silvana Stefani beynəlxalq yay məktəbi ilə bağlı fikirlərini bildirib, onun səmərəli olacağına əminliklərini vurğulayıblar.
Qeyd olunub ki, yay məktəbində İtaliya, Birləşmiş Krallıq, Fransa, Almaniya, İspaniya, İsveç, İsveçrə, Belçika, Rumıniya, Qazaxıstan kimi ölkələrin ali təhsil müəssisələrindən 50-dən çox nümayəndə iştirak edir. İştirakçılar yerli və beynəlxalq ekspertlərin mühazirələrini dinləmək, eləcə də müxtəlif məşğələlərə qatılmaq imkanı qazanacaqlar.
Yay məktəbinin proqramına yerli və beynəlxalq ekspertlərin birgə müzakirələri, ölkəmizdə fəaliyyət göstərən istehsal strukturlarına təşkil edilən texniki səfərlərdə iştirak, ekskursiyalar, Bakı şəhərinin tarixi yerlərinə gəzinti kimi sosial və mədəni fəaliyyətlər də daxildir.
Mühazirələrin mövzuları yaşıl enerji üzrə dayanıqlı inkişaf modellərinin təkmilləşdirilməsinə təkan verəcək. “Dünyada enerji – bərpa olunan enerji”, “Enerji resursları və onların ekologiyaya təsiri”, “Külək və günəş enerjisi”, “Azərbaycanda enerji mənbələri”, “Bioyanacaqlar”, “Elektrik enerjisi bazarları”, “İqlim dəyişikliyi fonunda maliyyə məhsulları”, “Kənd təsərrüfatında orqanik tullantıların təkrar emalı”, “Fotoqalvanik enerji”, “Təkrar emaldan əldə olunan enerji”, “Yaşıl enerjinin modelləşdirilməsi”, “İtaliya enerji sektorunda istiqamətlər və perspektivlər”, “Qazaxıstanda enerji və iqtisadiyyat” , “Elektrik enerjisi ilə işləyən avtomobillər” və “Yaşıl kimya” mövzuları ətrafında müzakirələr aparılacaq.
Bakı Ali Neft Məktəbinin tələbələri və müəllimləri yay məktəbinin fəal iştirakçılarıdırlar. Neft-qaz mühəndisliyi kafedrasının professoru Siyavuş Azakov “Yaşıl enerji menecmenti” sessiyasında “Azərbaycanın iqtisadiyyatı yaşıl olacaqmı?”, Kimya mühəndisliyi kafedrasının baş müəllimi Sevda Zərgərova “Təkrar emal olunan məhsullardan alınan enerji”, İnnovasiya və Tədqiqat Mərkəzinin direktoru Farad Kamyabi “Azərbaycanda enerji”, Mühəndislik fakültəsinin dekan müavini Rima Quliyeva “Enerji mənbələri və onların ekologiyaya olan təsirləri” mövzuları üzrə mühazirələrlə çıxış edəcəklər.
Yay məktəbinin sonunda iştirakçılara sertifikatlar və hədiyyələr veriləcək.