ELM VƏ TƏHSİL
Bakı Ali Neft Məktəbinin professoru Amerika Elm və Texnologiya Assosiasiyasının üzvü seçilib
Bakı, 9 yanvar, AZƏRTAC
Bakı Ali Neft Məktəbinin (BANM) neft-qaz mühəndisliyi kafedrasının professoru, texniki elmlər doktoru Fuad Vəliyev Amerika Elm və Texnologiya Assosiasiyasının üzvü seçilib. O, elm və texnologiya sahəsindəki xidmətlərinə, uğurlu və uzunmüddətli fəaliyyətinə görə bu assosiasiyanın üzvlük sertifikatına layiq görülüb.
BANM-in ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, F.Vəliyev 1993-1997, 2002-ci illərdə Türkiyə və ABŞ universitetlərində və elmi mərkəzlərində dəvətli professor kimi çalışıb. 2014-cü ilin yanvarından isə Bakı Ali Neft Məktəbinin neft-qaz mühəndisliyi kafedrasının professorudur. Bununla yanaşı, o, 120 elmi əsərin və monoqrafiyaların müəllifidir. Eyni zamanda, professor 20 patentin sahibidir.