ELM VƏ TƏHSİL
Bakı Ali Neft Məktəbinin tələbələri istehsalat təcrübəsi keçirlər
Bakı, 19 iyun (AZƏRTAC). Bakı Ali Neft Məktəbinin neft - qaz və kimya mühəndisliyi ixtisasları üzrə bakalavr təhsili alan birinci kurs tələbələrinin nəzəri biliklərinin təcrübədən alınan biliklər ilə zənginləşdirilməsi üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) idarə və müəssisələrində istehsalat təcrübəsi proqramının həyata keçirilməsinə başlanılmışdır.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu məqsədlə ali təhsil ocağının tələbələri 40 gün müddətində Dənizdə İnsan Həyatının Mühafizəsi üzrə Təlim Mərkəzində, “Neft Daşları”, “28 May”, “Abşeronneft”, “Bibiheybətneft”, N.Nərimanov və Ə.Əmirov adına neft və qazçıxarma idarələrində, Heydər Əliyev adına Bakı neft emalı zavodunda və “Azərneftyağ” neft emalı zavodunda istehsalat təcrübəsi keçəcəklər.
Məlumatda, həmçinin bildirilir ki, tələbələrin istehsalat təcrübəsi şirkət rəhbərliyinin diqqət mərkəzində saxlanılır. Bu günlərdə ARDNŞ-in neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezidenti Rəhman Qurbanov “Günəşli” yatağındakı 4 nömrəli dərin dəniz özülündə istehsalat təcrübəsi keçən tələbələr ilə görüşmüş, onların qayğıları ilə maraqlanmışdır.