RƏSMİ XRONİKA
BAKI DƏNİZ VAĞZALININ ƏSASLI YENİDƏNQURMADAN SONRA AÇILIŞI OLMUŞDUR
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV MƏRASİMDƏ İŞTİRAK ETMİŞDİR
İyunun 21-də Bakı Dəniz Vağzalının əsaslı yenidənqurmadan sonra açılışı olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.
Dövlətimizin başçısı əvvəlcə vağzalın xarici görünüşünü seyr etdi, ətraf ərazidə gedən tikinti, abadlıq işləri ilə maraqlandı.
Sonra Prezident İlham Əliyev Bakı Dəniz Vağzalının rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə yaxından tanış oldu, “Dəniz Vağzalının dünəni və bu günü” fotostendinə baxdı.
Xəzər Dəniz Gəmiçiliyinin rəisi dövlətimizin başçısına məlumat verdi ki, bu vağzalın binasının əsası 1970-ci ildə xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur. Lakin ötən illər ərzində burada təmir işləri aparılmamış, Bakıda baş vermiş zəlzələdən sonra isə binada çatlar əmələ gəlmişdi. 2004-cü ildə Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının daxili imkanları hesabına burada əsaslı yenidənqurma işlərinə başlanmışdır. Müasir standartlara cavab verən, ən yeni avadanlıq quraşdırılmış dəniz vağzalı gün ərzində 1200 sərnişinə xidmət edə biləcəkdir. Burada məlumat bürosu, xəzinədarlıq, valyuta mübadiləsi məntəqəsi, mehmanxana da fəaliyyət göstərir. Hazırda Qazaxıstan, Türkmənistan və Rusiyaya gəmi-bərələr işləyir, iki gəmi isə Neft daşlarında işləyənlərə xidmət edir. Gələcəkdə yeni gəmilərin alınması da planlaşdırılır. Əvvəllər vağzalda 16 nəfər çalışsa da, indi iş yerlərinin sayı 120-yə çatdırılmışdır.
Prezident İlham Əliyev dəniz vağzalının 120 nəfərlik ziyafət, 400 yerlik konfrans salonlarını, qonaq və digər xidmət otaqlarını gəzdi, gömrük-sərhəd xidmətinin işi ilə yaxından tanış oldu. Dövlətimizin başçısı binanın ikinci mərtəbəsindən dənizi seyr etdi, vağzalın ətrafında abadlıq işlərinin aparılması, səliqə-sahman yaradılması, paytaxtın dəniz qapılarının imkanlarından səmərəli istifadə olunması barədə müvafiq tapşırıqlar verdi.
Sonra Prezident İlham Əliyev özünün idarə etdiyi matorlu qayıqla Bakı buxtasında dəniz gəzintisinə çıxaraq, Milli park, Bayıl və Nargin adası istiqamətlərində ərazini nəzərdən keçirdi.