ELM VƏ TƏHSİL
Bakı Dövlət Universitetində Bilik gününə həsr olunmuş təntənəli tədbir keçirilmişdir
Bakı, 16 sentyabr (AZƏRTAC). Sentyabrın 16-da Bakı Dövlət Universitetində (BDU) Bilik günü və 2013/2014-cü tədris ilinin başlanmasına həsr olunmuş təntənəli tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov ulu öndər Heydər Əliyevin təhsilin inkişafına daim böyük önəm verdiyini, dahi rəhbərin siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır. Dünya şöhrətli siyasi xadim Heydər Əliyevin Bakı Dövlət Universitetinin məzunu olduğunu qürur hissi ilə xatırladan rektor qeyd etmişdir ki, BDU-nun tələbəsi adını qazanmaq həm şərəfli, həm də məsuliyyətlidir.
Rektor bildirmişdir ki, bu il universitetə 3.855 gənc qəbul olunmuşdur. Onlardan 271-i 600-dən, 612-si isə 500-dən çox bal toplamışdır.
Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmizin dinamik inkişaf etdiyini qeyd edən rektor gəncləri doğma Vətənə və xalqa ləyaqətlə xidmət etməyə, təhsildə yüksək nailiyyətlər qazanmağa çağırmış, Bilik günü münasibətilə professor-müəllim heyətini və tələbələri təbrik etmiş, onlara uğurlar arzulamışdır.
Daha sonra çıxış edən BDU-nun ilahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev təhsilimizə göstərilən dövlət qayğısından söhbət açmışdır.
Ali məktəblərə qəbul imtahanlarında 641 bal toplamış birinci kurs tələbəsi Kənan Əsədov gənclərə və onların təhsilinə göstərilən böyük qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.
Daha sonra akademik Abel Məhərrəmov bu il ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayaraq BDU-ya qəbul olunmuş gənclərə tələbə biletlərini, universitetin tarixini əks etdirən bukletləri təqdim etmişdir.