ELM VƏ TƏHSİL
Bakı Dövlət Universitetində hüquq ixtisası üzrə təhsil alan tələbələrə ikili diplom veriləcəkdir
Bakı, 2 aprel (AZƏRTAC). Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsi üzrə təhsil alan tələbələrə ikili diplom veriləcəkdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov söyləmişdir. Bildirmişdir ki, BDU ilə Türkiyənin müxtəlif ali təhsil müəssisələri arasında tələbə mübadiləsinə dair bir sıra müqavilələr imzalanmışdır. Ancaq müxtəlif ixtisaslar üzrə Azərbaycanda və Türkiyədə diplomlarımız tanınmadığına görə biz belə qərara gəldik ki, tələbələrə BDU və Türkiyənin Ankara Universitetinin (AU) hüquq ixtisası üzrə ikili diplom verilsin. Artıq bu istiqamətdə tələbələr birinci kursa qəbul olunmuşlar. Onlar həm AU-nun, həm də BDU-nun tələbələri hesab olunurlar. Gələcəkdə bu gənclər həm AU-nun, həm də BDU-nun hüquq ixtisası üzrə diplomlarını alacaqlar.