ELM VƏ TƏHSİL
Bakı Dövlət Universitetinin rektoru birinci kurs tələbələri ilə görüşmüşdür
Bakı, 2 noyabr (AZƏRTAC). Bakı Dövlət Universitetinin (BDU) rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov coğrafiya, tarix, geologiya və kitabxanaçılıq-informasiya fakültələrinə bu il qəbul olunan birinci kurs tələbələri ilə görüşmüşdür.
BDU-nun mətbuat və informasiya şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə akademik A. Məhərrəmov tələbələrə universitetin tarixi, inkişaf mərhələləri barədə məlumat vermişdir.
Rektor ümummilli lider Heydər Əliyevin Bakı Dövlət Universitetinin məzunu olduğunu böyük qürur hissi ilə xatırlatmışdır. Bu ali məktəbdə oxumağın çox şərəfli olduğunu söyləyən A. Məhərrəmov tələbələri ixtisaslarını dərindən mənimsəməyə, xarici dil, informatika üzrə biliklərini daha da artırmağa çağırmışdır.
Rektor, eyni zamanda, bu il tələbə adını qazanan tələbələri bir daha təbrik edərək onlara təhsildə yeni nailiyyətlər arzulamışdır.
Görüşdə BDU-nun tədrisin təşkili və təlimi texnologiyaları üzrə prorektoru, professor İradə Əliyeva, elm və innovasiyalar üzrə prorektoru Aydın Kazımzadə, müvafiq fakültələrin dekanları iştirak etmişlər.