SİYASƏT
Bakı Forumu Qafqaz gənclərinin həyatında nadir hadisədir
Bakı, 23 noyabr (AZƏRTAC). Qafqazda hökm sürən sabitlik bütün sahələrdə inkişafın rəhnidir. Bu inkişafda gənclər mühüm rol oynayır.
Bu fikri Bakıda keçirilən Azərbaycan və Rusiya gənclərinin “Yeni nəsl: sərhədsiz məsuliyyət” adlı II Beynəlxalq Forumu çərçivəsində Kabarda-Balkar Respublikası Gənclər Parlamentinin Kommunikasiyalar Komitəsinin üzvü Astemir Karmov AZƏRTAC-a müsahibəsində səsləndirmişdir.
A.Karmov demişdir ki, buna bənzər bir sıra tədbirlərin işində iştirak etmişdir. Lakin Bakı forumu Qafqaz gənclərinin həyatında nadir hadisədir. Çünki Bakı Forumu Azərbaycan və Rusiya gəncləri arasında dostluğu və əməkdaşlığı bundan sonra da möhkəmləndirmək üçün məkana çevrilmiş və yaxşı təşkil edilməsi ilə fərqlənir.
A.Karmov bildirmişdir ki, multikulturalizm mövzusuna həsr olunmuş panel müzakirələrində Rusiya İctimai Palatasının Qafqazın işləri üzrə İşçi qrupunun sədri, etnik və dini siyasət problemləri üzrə ekspert Maksim Şevşenkonun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə çıxışı çox maraqlı və məzmunlu olmuşdur. O demişdir: “Hesab edirəm ki, Qafqaz respublikalarında mövcud sabitliyi məhv etmək istəyən xarici qüvvələr həmin münaqişənin həll edilməsinin əleyhinədirlər”.