ELM VƏ TƏHSİL
Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun beynəlxalq əlaqələri genişlənir
Bakı, 31 may (AZƏRTAC). M.A.Şoloxov adına Moskva Dövlət Humanitar Universitetinin Stavropol filialının direktoru, pedaqoji elmlər doktoru, professor Natalya Sotnikova və bu ali təhsil müəssisəsinin ictimaiyyətlə əlaqələr üzrə direktor müavini Liliya Qriqorova Azərbaycana səfərləri çərçivəsində Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma (BPKİYİ) İnstitutunda olmuşlar.
BPKİYİ-dən AZƏRTAC-a bildirmişlər ki, bu təhsil müəssisəsinin rektoru, professor Asəf Zamanov qonaqlara institutun strukturu, fəaliyyət istiqamətləri, elmi potensialı, o cümlədən beynəlxalq əməkdaşlıq sahəsindəki uğurları barədə ətraflı məlumat vermişdir. İxtisasartırma və yenidənhazırlanma fakültələrinin iş prinsipləri, prioritet istiqamətlər və əldə edilmiş nəticələr qeyd edilmişdir.
Görüşdə BPKİYİ-də təşkil edilən ixtisasartırma və tematik kurslar, onların təşkili forması, tədris proqramları, tədrisin səmərəliliyi, hazırda müəllimlik peşəsinə olan maraq və ictimai həyatda müəllimin rolu mövzularında müzakirələr olmuşdur.
Sonra qonaqlar institutun Heydər Əliyev muzey-lektoriyası, beynəlxalq əlaqələr şöbəsi, tədris otaqları, kompyuter mərkəzləri və ixtisasartırma kursları ilə tanış olmuş, səmərəli əməkdaşlığın davam etdiriləcəyinə əminliklərini bildirmişlər.