CƏMİYYƏT
Bakı Regional Mərkəzi “Fövqəladə hallar zamanı nə etməli” mövzusunda nəzəri-praktiki tədbir keçirmişdir
Bakı, 7 oktyabr (AZƏRTAC). Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi paytaxtın Binəqədi rayonundakı 83 nömrəli məktəb-liseydə “Fövqəladə hallar zamanı nə etməli” mövzusunda nəzəri-praktiki tədbir keçirmişdir.
FHN-dən AZƏRTAC-a bildirmişlər ki, tədbirin məqsədi müəllim və şagirdlərə ehtimal olunan fövqəladə hadisə zamanı ilkin davranış qaydalarını aşılamaq olmuşdur.
Tədbirdə Dövlət Sularda Xilasetmə, Xüsusi Riskli Xilasetmə və Tibb xidmətlərinin, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları da iştirak etmişlər.
Nəzəri hissədə “Fövqəladə halların təsnifatı”, “Kollektiv mühafizə qurğuları”, “Təbii fövqəladə hallar zamanı nə etməli?”, “Yanğın-partlayış və nəqliyyat qəzası zamanı nə etməli”, “Radiasiya, kimya və bioloji xarakterli fövqəladə hallar zamanı nə etməli?”, “Terror xarakterli fövqəladə hallar zamanı nə etməli?”, “Su hövzələrində təhlükəsizlik qaydaları” mövzularında çıxışlar edilmiş, tədbir iştirakçılarına fövqəladə hallarla bağlı zəruri məlumatlar verilmişdir.
Sonra məktəb-liseyin müəllim və şagird heyətinə Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri, struktur qurumları barədə sənədli film və dəm qazı ilə bağlı videoçarx nümayiş etdirilmişdir.
Tədbir iştirakçılarına zəlzələ mövzusunda səhnəcik nümayiş olunmuşdur. Bu tamaşada dərs prosesində baş vermiş şərti zəlzələ zamanı şagirdlər tərəfindən zəruri və ilkin davranış qaydaları öz əksini tapmışdır.
Tədbir praktiki məşğələ ilə davam etmişdir. Əvvəlcə Bakı Regional Mərkəzinin xilasediciləri tərəfindən hündürmərtəbəli binalarda təhlükədə qalmış insanların xilas edilməsi ilə bağlı xilasetmə əməliyyatı nümayiş etdirilmişdir. Daha sonra isə əvvəlcədən müəyyən edilmiş təlim nöqtələri üzrə mərkəzin “Sprinter Mercedes BENZ” markalı xüsusi təyinatlı avtomobili və onun təchiz olunduğu spesifik alət və avadanlıq, Dövlət Sularda Xilasetmə Xidmətinin əraziyə gətirilmiş akvalanq, xilasetmə və üzmə vasitələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təyinatlı avtomobili və onun təchiz olunduğu spesifik alət və avadanlıq, motosikl, Tibb Xidmətinin və Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən isə maneken-mulyaj üzərində yaralılara ilkin tibbi yardımın həyata keçirilmə yolları, sınıqlar və qanaxmalar zamanı iş üsulları tədbir iştirakçılarına nümayiş olunmuşdur.