BAKI ŞƏHƏRİNDƏ NƏQLİYYAT SİSTEMİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 10 iyun tarixli 880 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Nəqliyyat Nazirliyi haqqında “Əsasnamə”yə uyğun olaraq, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin nəqliyyat-yol komleksi sahəsində vahid dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olmasını nəzərə alaraq, Bakı şəhərində sərnişin daşımalarının təşkili və tənzimlənməsində paralelçiliyin aradan qaldırılması, idarəetmə sisteminin təkmilləşdirilməsi, habelə bu sahədə aparılan islahatların səmərəliliyinin daha da artırılması məqsədi ilə qərara alıram:
1. Bakı Şəhər İcra Hakimiyyətinin Nəqliyyat Departamenti ləğv edilsin və onun səlahiyyətləri və tabeliyində olan müəssisə və təşkilatlar balanslarındakı əmlakla birgə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə verilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 iyul 2006-ci il.