İQTİSADİYYAT
Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi və yolların yenidən qurulması üzrə iri layihələr reallaşdırılmışdır
Bakı, 7 sentyabr (AZƏRTAC). Paytaxtda nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə tədbirlər planının, eləcə də Bakı şəhəri qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər proqramının icrası paytaxtın yol infrastrukturunun sürətlə inkişaf etdirilməsinin bünövrəsini qoymuşdur. Bu istiqamətdə xeyli işlər görülmüşdür. İri layihələrin həyata keçirilməsi hazırda da davam etdirilməkdədir.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri, Cavid Qurbanov mətbuata müsahibəsində bildirmişdir.
ASC sədri qeyd etmişdir ki, son illər ərzində Bakı şəhərində 636 kilometr uzunluğunda küçə, prospekt və qəsəbələrarası avtomobil yolu yenidən qurulmuş və təmir olunmuş, 71 kilometr uzunluğunda yeni yol, 61 ədəd yol ötürücüsü və tunel, 57 ədəd yeraltı və yerüstü piyada keçidi tikilmiş, 10 ədəd piyada keçidi isə əsaslı təmir edilmişdir.
Bundan əlavə, Zabrat-Balaxanı-Mehdiabad-Xırdalan-Binqədi, Zığ dairəsi-Hava Limanı, Əzizbəyov dairəsi-Hava Limanı, Azadlıq meydanı-Zığ dairəsi, Bakı dairəvi-1, Bakı-Ələt yolunun 2-4 cü kilometri, şəhər şosesinin Sabunçu qovşağından Zabrat dairəsinədək olan hissəsi, Zabrat-Maştaga-Buzovna, Zığ dairəsi-Heydər Əliyev Beynəlxalq Aeroportu avtomobil yolundan Qala qəsəbəsinə gedən və digər yollar, həmçinin prospekt və küçələrdə aparılan tikinti və yenidənqurma işləri avtomobillərin maneəsiz və təhlükəsiz hərəkətinə imkan yaratmışdır.