ELM VƏ TƏHSİL
BAKI SLAVYAN UNİVERSİTETİNDƏ DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏNTƏNƏLİ YIĞINCAQ KEÇİRİLMİŞDİR
Bakı Slavyan Universitetinin (BSU) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, burada Dünya azərbaycanlılarının həmrəyliyi gününə həsr olunmuş təntənəli yığıncaq keçirilmişdir.
BSU-nun rektoru professor Kamal Abdullayev tələbələri və ali məktəbin kollektivini Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramı münasibətilə təbrik edərək, onlara uğurlar və cansağlığı arzulamışdır. O, yaşadıqları yerdən asılı olmayaraq, bütün azərbaycanlıların sıx birləşməsində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərini vurğulayaraq, hamını bu ideya ətrafında birləşməyə çağırmışdır.
Çıxış edən müəllim və tələbələr ötən yüzilliyin 80-ci illərində xalqımızın öz köklərinə qayıdışı, “Vətən” cəmiyyətinin formalaşması tarixindən söhbət açmışlar. Cəmiyyət üzvlərinin dünya azərbaycanlılarının həmrəyliyi barədə təşəbbüsü Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilmiş və Naxçıvan Muxtar Respublikası Ali Sovetinin qərarı ilə 31 dekabr - Dünya azərbaycanlılarının həmrəyliyi günü elan edilmişdir.