ELM VƏ TƏHSİL
Bakı Slavyan Universitetinin “Tələbə klubu”nda alman gecəsi
BSU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mühazirənin sonuncu günü alman filologiyasının tələbələri üçün yaddaqalan olub. Professor Z.Hartmanın rəhbərliyi altında tərtib olunmuş “Alman ədəbiyyatından səhnəciklər” ədəbi-musiqili proqramı BSU-nun tələbələrini, onun nəzdindəki Məktəb-Lisey Kompleksinin şagirdlərini, eləcə də alman dili mütəxəssislərini əhatə edib. Gecədə alman dilində mahnılar, seirlər, səhnəciklər səsləndirilib.
BSU-nun Məktəb-Lisey Kompleksinin akt zalında başlanan tədbir filologiya fakültəsinin “Tələbə klubu”nda davam etdirilib. Bu hissədə müəllim və tələbələrə alman mətbəxinin özəllikləri nümayiş etdirilib. Azərbaycan, rus, ingilis, fransız dilləri və ədəbiyyatları bölmələrinin tələbələri də almaniyalı müəllim və alman filologiyası bölməsində təhsil alan tələbələr tərəfindən alman mətbəxinə qonaq ediliblər.
Gecədə BSU-nun rektoru, professor Asif Hacıyev, Avstriyanın Azərbaycandakı səfirinin müavini və konsulu xanım Ute Friesner, Alman Akademik Mübadilə Xidməti (DAAD) Bakı ofisinin direktoru xanım Ştefani Dufauks və digər qonaqlar iştirak ediblər. Tədbirdə Azərbaycan ilə Almaniya, həmçinin iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.
Qonaqlar gecəni “Almaniyanın birləşdirilməsi günü”nə gözəl hədiyyə kimi dəyərləndiriblər.