İQTİSADİYYAT
Bakı-Tbilisi-Qars dəmir yolu üzərindəki tunelin Gürcüstan hissəsinin tikintisinə başlanılmışdır
Bakı, 31 avqust (AZƏRTAC). Bakı-Tbilisi-Qars dəmir yolu üzərində ümumi uzunluğu 4,4 kilometr olan və Gürcüstan ilə Türkiyəni birləşdirəcək tunelin Türkiyə hissəsinin tikintisi başa çatdırılmışdır. Gürcüstan ərazisində tunelin uzunluğu 2070 metrdir.
Artıq tunelin Gürcüstan hissəsinin tikintisinə də başlanılmışdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Arif Əsgərov demişdir.
QSC-nin sədri bildirmişdir ki, Bakı-Tbilisi-Qars dəmir yolunun inşası üzrə işlər dörd mərhələdə aparılır. Birinci mərhələ olan Marabda-Tetriskaro sahəsinin uzunluğu 29,2 kilometrdir. Bu mərhələdə işlər başa çatdırılmaq üzrədir. Uzunluğu 49,7 kilometr olan Tetriskaro-Salka sahəsinin inşası ikinci mərhələdədir. Bu sahənin 40 kilometrində yolun torpaq yatağında, 113 süni qurğunun 111-də işlər başa çatdırılmış, yolun 33,5 kilometrində üst quruluş elementləri (rels, şpal, və. s) dəyişdirilmişdir. Sahədə 64,7 kilometr optik kabel çəkilmiş, rabitə, işarəvermə, mərkəzləşmə və bloklama qurğuları stansiyaya gətirilərək quraşdırılmışdır. Elektrik kontakt sahəsində və elektrik təchizatı xətlərində işlər davam edir. İki dartı yarımstansiyasına yeni avadanlıq və qurğular gətirilmişdir. Hazırda burada quraşdırma işləri aparılır. Vağzal, mülki və xidməti təyinatlı binalarda su, qaz təchizatı, istilik və çirkab sularının axıdılması xətlərində də işlər həyata keçirilir.
Üçüncü mərhələ barədə də məlumat verən A.Əsgərov qeyd etmişdir ki, bu sahə, yəni, Salka-Axalkalaki yolu 74,1 kilometrdir. Axalkalaki stansiyasında vağzal binasının, süni qurğuların tikintisi və yolun torpaq yatağının hazırlanması işləri aparılır. Axalkalaki-Türkiyə sərhədi (Kartsaxi) isə dördüncü sahəyə aiddir. Onun da uzunluğu 28 kilometr təşkil edir. Burada torpaq yatağının hazırlanması, süni qurğuların tikintisi, əsasən başa çatdırılmış, 5,7 kilometr hissədə üst quruluşu elementləri qoyulmuşdur. Kartsaxi stansiyasının vağzal binasının tikintisi isə başa çatdırılmaq üzrədir.