MƏDƏNİYYƏT
Bakıda Almaniyada yaşayan azərbaycanlı rəssamın yubiley sərgisi açılmışdır
Bakı, 2 aprel (AZƏRTAC). Aprelin 2-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Muzey Mərkəzinin sərgi qalereyasında Almaniyada yaşayan azərbaycanlı rəssam, Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi İbrahim Əhrarinin 75 illiyi münasibətilə görkəmli fırça ustasının yubiley sərgisi açılmışdır.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirmişdir ki, İbrahim Əhrari Azərbaycanı qəlbən sevən, onunla bağlı olan, ölkəmizi Avropada çox zəngin çalarları ilə tanıdan rəssamdır.
Nazir müavini rəssamın 2007-ci ildə əsası qoyulmuş “Berlin-Bakı” Qalereyasının rəhbərlərindən biri olduğunu vurğulamışdır. Qeyd etmişdir ki, o, 2011-ci il mayın 30-da Berlində məşhur Qotfrid-Benn kitabxanasının həyətində ucaldılmış “Xocalı” abidəsinin təşəbbüskarı və müəlliflərindəndir.
Nəzərə çatdırılmışdır ki, tanınmış rəssam 2011-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Zirvə” mükafatına və Əməkdar İncəsənət Xadimi adına layiq görülmüşdür.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Timuçin Əfəndiyev rəssamla görüşlərindən danışmış, onu Azərbaycan mədəniyyətinin Almaniyada irsi adlandırmışdır.
İbrahim Əhrarinin öz dəsti-xətti, öz üslubu olduğunu vurğulayan rektor yubilyara universitetin təbrik ünvanını təqdim etmişdir.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq Rəssamı Ömər Eldarov və Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov İbrahim Əhrarinin böyük vətənpərvər rəssam olduğunu bildirmiş, Bakıda sərgisinin açılması münasibətilə səbəbkarı təbrik etmişlər.
Tədbirdə iştirak edən Almaniyanın ölkəmizdəki səfiri Herbert Kvelle rəssamın Azərbaycan mədəniyyətini Almaniyada, Almaniya mədəniyyətini isə ölkəmizdə təbliğ etdiyini, iki dövlət arasında körpü rolunu oynadığını bildirmişdir.
Sonra sərgiyə baxış keçirilmişdir.
Sərgidə rəssamın 172 ədəd rəngkarlıq və qrafika əsərləri nümayiş olunur.
Sərgi aprelin 8-dək davam edəcəkdir.