SİYASƏT
Bakıda “Birgə Cəmiyyətlər -2014” Forumuna hazırlıq məqsədi ilə beynəlxalq toplantı keçiriləcəkdir
Bakı, 4 sentyabr (AZƏRTAC). Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin və Madrid Klubunun təşkilatçılığı ilə beynəlxalq toplantı keçiriləcəkdir.
Latviya, Finlandiya, Hollandiya, Şri-Lanka və digər ölkələrin keçmiş dövlət və hökumət başçılarının, həmçinin bir sıra nüfuzlu beynəlxalq qurumların rəhbərlərinin iştirakı ilə keçiriləcək Yüksək Səviyyədə Görüşün məqsədi “Birgə Cəmiyyətlər -2014” Forumuna hazırlıqdır.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, sentyabrın 5-6-da keçiriləcək tədbirdə Cənubi Qafqazda münaqişələr, qadınların cəmiyyətdə fəallığının artırılması, mədəniyyətlərarası və dinlərarası dialoq, 2015-ci il Minillik İnkişaf Proqramı kimi mövzular müzakirə ediləcəkdir.
Tədbir çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun idarə heyətlərinin toplantısının keçirilməsi planlaşdırılır.
Toplantının sonunda BMT-nin baş katibi Pan Gi Muna və qurumun Baş Məclisinə müraciət qəbul olunması nəzərdə tutulmuşdur.