İDMAN
Bakıda çimərlik voleybolu üzrə beynəlxalq turnir davam edir
Sentyabrın 11-də, turnirin İkinci günündə komandalar dörd qrupa bölünüblər. Qrup mərhələsində birinci olan komanda birbaşa dörddəbir finala vəsiqə qazanacaq, qrup ikinciləri və üçüncüləri öz aralarında daha bir oyun keçirəcəklər.
“Həyat Çimərlik və Voleybol Mərkəzi”ndə keçirilən yarışda əvvəlcə qadın komandaları arasında qrup mərhələsinə start verilib. 16 cütlük dörd qrupda mübarizəyə qoşulub. İlk görüşlərdən azarkeşlər gərgin və maraqlı oyunların şahidi olublar. Günün maraqlı oyunlarından biri “B” qrupunda mübarizə aparan Almaniya-İtaliya cütlüyünün - Bieneck-Grosner - Gioria-Giombini qarşılaşmasında qeydə alınıb.
İlk hissədə məğlub olan almaniyalı cütlük növbəti hissələrdə qalib gələrək görüşü qalib başa vurub: 2:1 (19:21, 21:19, 19:17). Yerli azarkeşlər isə səbirsizliklə azərbaycanlı cütlüklərin oyununu gözləyirdilər. İlk olaraq meydançaya “D” qrupunda mübarizə aparan Vivian-Zinaida cütlüyü daxil olub. Onlar Avstriyanın “Schwaiger S-Chukwuma L” komandası ilə qarşılaşıblar. Qrup mərhələsinin ilk oyununda Vivian-Zinaida cütlüyü 0:2 (15:21, 24:26) hesabı ilə məğlub olublar.
“A” qrupunda çempionluq uğrunda mübarizə aparan Kərimova-Ferreira azərbaycanlı cütlüyü doğma meydançada almaniyalı Ludwig-Schumacher ilə qarşılaşıblar. Almaniyalı cütlük ilk qələbəsini 2:0 (21:17, 21:12) hesabı ilə azərbaycanlı cütlük üzərində qazanıb.
“B” qrupunda mübarizə aparan İtaliyadan olan Gioria-Giombini cütlüyü ikinci qarşılaşmada slovakiyalı Dubovcova-Nestarcova cütlüyünü 2:0 hesabı ilə məğlubiyyətə uğradıb.
Sonuncu qarşılaşma Syrtseva-Prokopeva (Rusiya) - Kərimova-Ferreira (Azərbaycan) cütlükləri arasında olub. Bu qarşılaşma rusiyalı cütlüyün 2:1 hesablı qələbəsi ilə sona çatıb.
Sentyabrın 11-də kişi komandaları arasında təsnifat mərhələsinin oyunlarına start verilib. İlk gündə mübarizəyə altı cütlük qoşulub. Qarşılaşmalarda türkiyəli Gögtepe V- Giginoglu, avstriyalı Hupfer-Höri, rusiyalı Liamin-Barsouk və avstriyalı Schnetzer-Murauer cütlükləri növbəti mərhələyə yüksəliblər.
İlk görüşdə rusiyalı cütlük avstriyalı cütlüyə 2:0 (21:16, 21:12) hesabı ilə qalib gəlib.
Digər qarşılaşma isə Avstriyanın Schnetzer-Murauer və İspaniyanın Tomas-Menendez cütlükləri arasında olub. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada avstriyalı cütlük ispaniyalı idmançıları 2:1 (14:21, 21:10, 15:13) hesabı ilə məğlubiyyətə uğradıb.