MƏDƏNİYYƏT
Bakıda “Davamlı inkişaf mədəniyyəti sosial harmoniyanın bünövrəsi kimi: nəzəri və praktiki aspektlər” mövzusunda beynəlxalq konfrans başa çatmışdır
Bakı, 29 noyabr (AZƏRTAC). Noyabrın 29-da “Park İNN” otelində “Davamlı inkişaf mədəniyyəti sosial harmoniyanın bünövrəsi kimi: nəzəri və praktiki aspektlər” mövzusunda III beynəlxalq elmi-praktiki konfrans öz işini davam etdirmişdir.
AZƏRTAC xəbər verir ki, konfransın ikinci iş gününü Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktoru Vilayət İsmayılov açmışdır. O qeyd etmişdir ki, konfrans Azərbaycan xalqının ümummilli lideri, mədəniyyətin inkişafına həmişə böyük diqqət yetirən Heydər Əliyevin 90 illiyinə həsr edilmişdir.
Sonra fəlsəfə elmləri doktoru, Rusiya Qloballaşma və Davamlı İnkişaf İnstitutunun direktoru, RF Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyasının professoru, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, UNESCO-nun eksperti Nizami Məmmədov “Davamlı inkişaf mədəniyyəti – yeni humanizm” mövzusunda təqdimatla çıxış etmişdir.
O, qeyd etmişdir ki, UNESCO son vaxtlar yeni humanizmin formalaşması ideyasını dəstəkləyir. Haqlı olaraq belə hesab edilir ki, müasir dünyada bu yüksək sosial ideala nail olmaq üçün konkret fəaliyyətə ehtiyac duyulur.
Sözün geniş mənasında humanizm anlayışı insan üçün ən xoş assosiasiyalar doğurur, buna görə də humanizmi çox vaxt insan ləyaqətinin qəbul edilməsi, insana məhəbbət anlayışları ilə eyniləşdirirlər. Bütövlükdə humanizm insanın təsəvvüründə ən ali dəyər, başqa insanların mənafeyi naminə, onların gələcəyi naminə fəaliyyət deməkdir.
Sonra Rusiya Federasiyasının UNESCO işləri üzrə komissiyasının məsul katibi Qriqori Orconikidze “Mədəniyyətlərarası dialoq – davamlı inkişaf” mövzusunda məruzə ilə çıxış etmişdir. O demişdir ki, sivilizasiyalar, mədəniyyətlər və xalqlar arasında dialoqa çalışmaq davamlı inkişafın əsasını təşkil edir.
Konfransın işində Azərbaycanın UNESCO işləri üzrə Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva, tanınmış alimlər və yazıçılar, Azərbaycan, Belarus, Çexiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Rusiya, Serbiya, Türkiyə və Ukraynanın kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak etmişlər.
Xatırladaq ki, konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyasının Dövlət Xidməti və İşçi Heyətin İdarə Edilməsi İnstitutunun dəstəyi ilə Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi və Azərbaycanın UNESCO işləri üzrə Milli Komissiyası tərəfindən təşkil edilmişdir.