MƏDƏNİYYƏT
Bakıda Dünya Turizm Təşkilatı Avropa Komissiyasının 57-ci iclası və “Səmərəli turizm klasterlərinin inkişafı” üzrə seminar keçiriləcəkdir
Bakı, 1 aprel (AZƏRTAC). Aprelin 3-4-də Bakıda Dünya Turizm Təşkilatı (UNWTO) Avropa Komissiyasının 57-ci iclası və "Səmərəli turizm klasterlərinin inkişafı" üzrə seminarı keçiriləcəkdir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu barədə qərar Avropa Komissiyasının 56-cı iclasında qəbul edilmişdir. Bununla əlaqədar Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai arasında tədbirin Bakıda keçirilməsinə dair saziş imzalanmışdır.
İclas və seminarda, ümumilikdə, 31 ölkənin, həmçinin Dünya Turizm Təşkilatının nümayəndələri, ekspertləri, Avropa ölkələrinin aidiyyəti qurumlarının nümayəndələri iştirak edəcəklər.
Tədbir çərçivəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akınçı, Monteneqronun davamlı inkişaf və turizm naziri Branimir Qvozdenoviç, Xorvatiyanın turizm naziri Darko Lorencın, Macarıstanın Milli İqtisadiyyat Nazirliyinin dövlət katibi İştvan Komoroçski, Litvanın iqtisadiyyat naziri Evaldas Güstas arasında ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.