MƏDƏNİYYƏT
BAKIDA GƏNCƏLİ ŞAİRİN YARADICILIQ GECƏSİ KEÇİRİLMİŞDİR
Bakı, 22 aprel (AZƏRTAC). Aprelin 22-də M.Ə.Sabir adına Kitabxanada “Turan” Ədəbi Birliyinin təşkilatçılığı ilə şair Xəzangülün yaradıcılıq gecəsi keçirilmişdir.
“Turan” Ədəbi Birliyinin sədri Vüsal Nuru Xəzangül Hüseynovanın yaradıcılığı haqqında məlumat vermişdir.
Bildirilmişdir ki, Xəzangül Hüseynova 1947- ci ildə qədim Borçalı mahalının Qırıxlı kəndində dünyaya göz açmışdır. Orta məktəbi qızıl medalla bitirdikdən sonra Gəncə Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuş və taleyini birdəfəlik bu şəhərlə bağlamışdır.
Şairin gənclik illərinin qələm dostları Qəşəm Nəcəfzadə, Səadət Buta, kitabxananın direktoru Solmaz Məmmədəliyeva və başqaları onun yaradıcılığındakı həyatsevərlikdən, incə məzmun çalarlarından söhbət açmışlar.
Bildirilmişdir ki, indiyədək şairin 8 kitabı işıq üzü görmüşdür. Gürcü, türk dillərində kitabı nəşr olunmuş şairin, rumın dilində də kıtabının nəşr olunacağı vurğulanmışdır.
Sonda X.Hüseynova tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmiş, yeni şeirlərini oxumuşdur.