İDMAN
Bakıda “İdman qurğularının idarə edilməsi” mövzusunda Beynəlxalq konfrans keçiriləcəkdir
Bakı, 25 noyabr (AZƏRTAC). Noyabrın 27-29-da Bakıda “İdman qurğularının idarə edilməsi” mövzusunda Beynəlxalq konfrans keçiriləcəkdir.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, MDB İcraiyyə Komitəsi tərəfindən qəbul olunmuş 2012-ci il – “İdman və sağlam həyat tərzi ili”nin Tədbirlər Planına əsasən, təşkil edilən konfrans bədən tərbiyəsi və idman sahəsində beynəlxalq təcrübə mübadilələri baxımından xüsusi əhəmiyyətə malikdir.
Konfransın rəsmi açılış mərasimindən sonra Rusiya, Ukrayna, Qazaxıstan və Qırğızıstandan gələn idman sahəsi üzrə mütəxəssislərin, Azərbaycanda fəaliyyət göstərən olimpiya idman kompleksləri və digər idman qurğuları rəhbərlərinin “Bədən tərbiyəsi və idman infrastrukturunun inkişafı”, “Regionlarda bədən tərbiyəsi və idmanın inkişafında idman qurğularının rolu”, “İdman komplekslərinin tikintisində əsas tələblər” və başqa mövzular ətrafında məruzələri dinləniləcəkdir.
Konfrans iştirakçıları Tennis Akademiyası, “Sərhədçi” İdman Olimpiya Kompleksi, Tofiq Bəhramov adına Respublika stadionu, Otüstü Xokkey Kompleksi, Şağan qəsəbəsində yerləşən Olimpiya İdman Kompleksinin fəaliyyəti ilə yaxından tanış olacaq, Bakı Sərgi Mərkəzində I Azərbaycan Beynəlxalq idman, idman ləvazimatı və geyim sərgisində iştirak edəcəklər.