İQTİSADİYYAT
Bakıda keçirilən beynəlxalq konfransda 15 ölkədən maliyyə-bank sektorunun nümayəndələri iştirak edir
Bakıda “İnkişaf etməkdə olan ölkələrdə makroiqtisadi siyasət və maliyyə sabitliyi məsələləri” mövzusunda 1-ci Beynəlxalq Tədqiqat Konfransı keçirilir.
Azərbaycan Mərkəzi Bankından AZƏRTAC-a bildiriblər ki, iki gün davam edəcək konfransda ümumilikdə 15 ölkənin mərkəzi bankları və universitetlərindən 30-a yaxın tanınmış tədqiqatçı, habelə ölkəmizin qabaqcıl ali məktəblərinin, beyin mərkəzlərinin mütəxəssisləri və maliyyə-bank sektorunun nümayəndələri iştirak edirlər.
Konfransı açan Azərbaycan Mərkəzi Bankının sədr müavini Xəqani Abdullayev dünyada makroiqtisadi siyasət sahəsində son meyllər barədə məlumat verib. Sonra ABŞ-ın Kaliforniya Universitetinin professoru Joshua Aizenmanın və Türkiyənin Bilkent Universitetinin professoru Refet Gürkaynakın məruzələri dinlənilib.
Sessiyalarda post-böhran dövründə qlobal tarazlığın bərpası və makroiqtisadi çağırışlar, inkişaf etməkdə olan ölkələrdə monetar siyasət çərçivəsi, mərkəzi banklarda modelləşdirmə və proqnozlaşdırma təcrübəsi, makro-prudensial siyasət və maliyyə bazarlarının tənzimlənməsi kimi məsələlər ətrafında təqdimatlar edilib, müzakirələr aparılıb.